Şərurda gənclər üçün kibertəhlükəsizliklə bağlı düşərgə təşkil olunub

Mayın 22-si Şərur Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş "Kibertəhlükəsizliyin əsas prinsipləri" mövzusunda "Cyber Bootcamp" layihəsinə start verilib. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Naxçıvan  Dövlət Universiteti, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Kapital Bankın birgə təşkilatçılığı ilə reallaşan düşərgədə ali və orta ixtisas təshili müəssisələrinin tələbələri iştirak edir.

Açılış mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, rəqəmsal inkişaf və nəqliyyat naziri müavini səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Rahid Ələkbərli, o cümlədən aidiyyatı təşkilatların rəhbər və nümayəndələri, sahə mütəxəssisləri çıxış edərək düşərgənin mövzusu və əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmizdə savadlı, intellektli, vətənpərvər gənclik modeli formalaşıb və onlar ən müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, Vətənə, xalqa, dövlətçiliyə ləyaqətlə xidmət edirlər. Vurğulanıb ki, bütün dünya üçün aktual olan kibertəhlükəsizlik sahəsinə Azərbaycanda xüsusi önəmlə yanaşılır. Prezidentin kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinə dair müvafiq Fərmanı ilə bu sahətə mühüm addımlar atılıb, uğurlar qazanılıb.

Çıxış edənlər muxtar respublikada olan tələbələrin, gənclərin kibertəhlükəsizlik sahəsində özlərini təkmilləşdirməsində bu tip tədbirlərin əhəmiyyətini önə çəkib, adıçəkilən layihənin yeni kadrların hazırlığı baxımından effektiv olacağına inamlarını ifadə ediblər.

Üç gün davam edəcək düşərgənin proqramında iştirakçılara tanınmış mütəxəssislər tərəfindən kibertəhlükəsizlik mühəndisliyi, sosial şəbəkələrdə informasiya təhlükəsizliyi, kibertəhlükəsizliyin hüquqi aspektləri və digər məsələrlə bağlı təlimlərin keçirilməsi, intellektual oyun, simulyasiya və film nümayişi kimi fəaliyyətlərin icrası nəzərdə tutulub.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti